Tbilisi. 24 dekabr. REPORT.AZ/ Gürcüstanın Acarıstan Muxtar Respublikasında 53 yaşlı qadın qrip virusundan ölüb.
“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, qadın bir neçə gün Batumi Respublika Xəstəxanasında müalicə olunub.
Pasiyent dekabrın 17-də xəstəxanaya yerləşdirilib. O, qripin ağır formasına yoluxub. İlkin məlumata əsasən, qadına “A” tipli virus diaqnozu qoyulub.
Acarıstanın İctimai Sağlamlıq Məkəzinin məlumatına görə, muxtar respublikada 3 H1N1 virusu ("donuz qripi") faktı təsdiqlənib. Mərkəz əhalini qripin ilk simptomları olan kimi dərhal həkimə müraciət etməyə çağırıb.
Hazırda Gürcüstanda 100 min nəfər əhaliyə 221 qripə yoluxma halı düşür.