Gürcüstanın Qardabani rayonunun Qaratəhlə kəndində 20 Yanvar şəhidi Rəşid İsmayılovun xatirəsinə həsr olunan anım tədbiri keçirilib.
“Report”un yerli bürosu xəbər verir ki, mərasimdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Gürcüstan parlamentinin deputatları Zaur Darğallı və Savalan Mirzəyev, Qardabani bələdiyyəsinin nümayəndələri və kənd ziyalıları iştirak ediblər.
Mərasim iştirakçıları öncə şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
F.Quliyev çıxışında bildirib ki, 20 Yanvar hadisələri Azərbaycan xalqının milli kimliyin və milli vətənpərvərliyin formalaşmasında vacib amil olmaqla yanaşı, həm də dövlət müstəqilliyimizin bərpasında dönüş nöqtəsinə çevrildi.
Səfir Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin faciənin dünya ictimaiyyətinə çatdırılmasındakı əvəzsiz rolundan danışıb: “Ulu öndər qanlı hadisələrin səhəri günü Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində yerli və xarici mətbuat nümayəndələri qarşısında çıxış edərək insanlığa qarşı törədilmiş cinayətə kəskin etirazını bildirmiş, xalqa həmrəyliyini ifadə etmiş və faciənin günahkarlarının cəzalandırılmasını tələb etmişdi. Sovetlər birliyinin süquta uğramadağı bir vaxtda Heydər Əliyev ittifaqın siyasi mərkəzində bu addımı ilə böyük cəsarət nümayiş etdirmişdi”.
20 Yanvar şəhidinin yaxınlarına başsağlığı verən diplomat azadlıq və ərazi bütövlüyümüz uğrunda canlarını fəda edən oğul və qızlarımızın ruhu qarşısında baş əydiyini bildirib.
F.Quliyev şəhid ailələrinin Azərbaycan dövlətinin daimi diqqət mərkəzində saxlanıldığını qeyd edib. O, Azərbaycan səfirliyinin Gürcüstandan olan altı şəhidin ailə üzvlərini və yaxınlarını narahat edən məsələlərə hər zaman böyük diqqət və həssaslıqla yanaşdığını qeyd edib.
Mərasimin sonunda şəhidlərin ruhuna dualar oxunub, ehsan süfrəsi açılıb.