Gürcüstanda azərbaycanlıların soyad sonluqlarının dəyişdirilməsi ilə bağlı təqdim olunan imzaların həqiqiliyi yoxlanılacaq.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə qərar ölkə parlamentinin büro iclasında qəbul olunub.
Qərara əsasən, Prosedur məsələlər və qaydalar Komitəsi tərəfindən həyata keçiriləcək proses 2 həftə davam edəcək və nəticələr büroya təqdim olunacaq.
Qeyd edək ki, qonşu ölkədə yaşayan soydaşlarımız “ov” və “yev” sonluqlarının götürülməsi ilə bağlı topladıqları 27 minə yaxın imzanı sentyabrın 27-də parlamentə təqdim ediblər. İmzalar “Vətəndaş aktları barədə” Qanuna düzəlişlər üçün tələb olunur. Düzəlişlərin qəbul olunmasından sonra Gürcüstanın azərbaycanlı vətəndaşları “ov”, “yev” və digər qeyri-autentik soyad sonluqlarından imtina edərək özlərinin əsl soyadlarını bərpa edə biləcəklər.