Gürcüstan müxalifəti əslində müxalifət kimi deyil, xaricdən, əsasən də Qərbdən idarə olunan və ölkədə zorakı yolla hakimiyyət dəyişikliyi etmək istəyən “5-ci kolon” kimi fəaliyyət göstərir.
Bunu “Report”un Gürcüstan bürosuna açıqlamasında gürcü ekspert Edişer Qvenitadze deyib.
Onun sözlərinə görə, müxalifət nə seçki kampaniyası apara bilir, nə də rayonlara səfərlər edir: "Məqsədləri Gürcüstanı və Cənubi Qafqazı Rusiya-Ukrayna müharibəsinə cəlb etməkdir. Xalq da bunu yaxşı anlayır”.
Ekspert qeyd edib ki, Gürcüstanda keçiriləcək parlament seçkilərində hakim “Gürcü Arzusu” partiyasının ən azı 60% səs toplayaraq qalib gələcəyi proqnozlaşdırılır.
O, həmçinin Gürcüstan və Azərbaycan xalqlarının hər zaman birgə mübarizə apardıqlarını qeyd edib. Bildirib ki, Gürcüstanda müharibənin baş verməsi regionun təhlükəsizliyinə də mənfi təsir göstərə bilər: "Hazırda gürcü xalqı milli və xilas olma mübarizəsi aparır. Biz Şərq, Qərb, Cənub və Şimal dövlətləri ilə dostluq əlaqələri qurmağa çalışırıq, lakin ölkəmizdə ailə dəyərlərinə zidd olan halların normal qəbul edilməsinə icazə verməyəcəyik”.