Gürcüstan Daxili İşlər Nazirliyi Tbilisidə mitinq təşkilatçıları və iştirakçılarına xəbərdarlıq edib.
"Report"un yerli bürosu xəbər verir ki, DİN etirazçılara xatırladıb ki, inzibati orqanlara girişin bağlanması qanunla qadağandır.
“Biz bir daha mitinqin təşkilatçılarını və iştirakçılarını dinc aksiya keçirməyə, qanunu pozmamağa və polis əməkdaşlarının göstərişlərinə tabe olmağa çağırırıq”, - bəyanatda bildirilir.
Qeyd edək ki, bu gün paytaxt Tbilisidə Gürcüstanın müxtəlif siyasi partiyaları, qeyri-hökumət təşkilatları, tələbə-gənclər hərəkatları və təşəbbüs qrupları hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının “Xarici təsirin şəffaflığı haqqında” (“xarici agentlər” haqqında) qanun layihəsinin parlamentin hüquq komitəsində müzakirə olunmasına etiraz olaraq izdihamlı aksiya keçirir. Bir müddət əvvəl “xarici agentlər” haqqında qanuna etiraz edənlərlə polis arasında əlbəyaxa dava olub.