"Prezident Salome Zurabişvili ilə aramızdakı minimal inam da itib".
“Report” xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Qaribaşvili deyib.
O bildirib ki, buna əsas səbəb Gürcüstan dövlət başçısının hökumətin öhdəliklərini yerinə yetirməməsi ilə bağlı bəyanatları və rəsmi Tbilisinin Avropa İttifaqına namizəd ölkə statusuna layiq olmadığını söyləməsidir: “İmpiçmentə gəlincə isə onu deməliyəm ki, kimsə konstitusiyanı pozursa, cavab mütləqdir”.
Qeyd edək ki, sentyabrın 1-də S.Zurabişviliyə qarşı impiçmentlə bağlı hakim “Gürcü Arzusu” Partiyası imzatoplama kampaniyasına başlayıb. S.Zurabişvili avqustun 31-də Gürcüstanın Avropa İttifaqına namizədliyinin dəstəklənməsi üçün xarici dövlətlərin liderləri ilə görüşmək məqsədilə Avropaya səfər edib. Hökumət isə onun bu səfərini qəbuledilməz sayıb.
Müxalifətin dəstəyi olmadan “Gürcü Arzusu” və “Xalq Gücü” hərəkatının üzvlərinin təmsil olunduğu parlament çoxluğu impiçment prosedurunu başa çatdıra bilməyəcək, çünki ən azı 100 səs lazımdır, çoxluğun isə hazırda cəmi 83 üzvü var.
Hakim partiya Zurabişvilini Gürcüstan Konstitusiyasının 52-ci maddəsini pozmaqda ittiham edib (Prezidentin xarici əlaqələrdə nümayəndəlik funksiyalarını yalnız hökumətin icazəsi ilə həyata keçirmək hüququ var).
Oktyabrın 3-də Zurabişvilinin impiçment məsələsinə baxılacaq.