video əlavə olunub
Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun seçiciləri yerli özünüidarəetmə orqanlarına seçkilərdə fəallıq nümayiş etdirir.
“Report”un yerli bürosu xəbər verir ki, səsvermə prosesi 91 seçki məntəqəsində aparılır.
Məntəqələr Azərbaycan dilində çap edilmiş bülletenlərlə təmin olunub. Marneulidə qeydiyyatda olan seçicilərin ümumi sayı 100 086 nəfər təşkil edir.
Saat 12:00-a olan məlumata əsasən, rayonda səsvermə hüququndan artıq 15 498 vətəndaş istifadə edib. Seçici fəallığı 15,5 %-ə bərabər olub.
Marneulidə ən gərgin mübarizə mer vəzifəsi uğrunda gedir. Bu posta üç azərbaycanlı namizəd – hakim Gürcü Arzusu Partiyasından Kənan Ömərov, “Avropalı Gürcüstan” Partiyasından Əhməd İmamquliyev və müxalif Vahid Milli Hərəkat Partiyasından Eldar Mustafayev iddialıdır.
Müxalifət partiyalarının üzvləri “Gürcü Arzusu”nu Marneulidə seçkilərdə saxtakarlıqlar törətməkdə günahlandırır. Hakim partiyanın Marneuli-Qardabani üzrə deputatı Zaur Darğallı ittihamları əsassız adlandırıb: “Marneulidə seçkilər tam sakit mühitdə keçirilir. Müxalifəti təmsil edən təxribatçı qruplar məntəqə-məntəqə gəzərək saxtakarlıqların olması fonunu yaradırlar”.
Rayonda seçkiləri yerli və beynəlxalq müşahidəçilər izləyir. ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan da Marneulidə olub. O, bir neçə seçki məntəqəsində səsvermənin gedişini müşahidə edib. Diplomat seçicilər arasında fəallığın olduğunu bildirib.