Gürcüstan azərbaycanlıları arasında erkən evliliklə bağlı araşdırma təqdim edilib

Gürcüstan azərbaycanlıları arasında erkən evliliklə bağlı araşdırma təqdim edilib Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli (Borçalı) bölgəsində erkən evlilik əsasən dini və ənənə meyarları ilə əlaqələndirilir.
Region
28 Aprel , 2022 16:15
Gürcüstan azərbaycanlıları arasında erkən evliliklə bağlı araşdırma təqdim edilib

Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli (Borçalı) bölgəsində erkən evlilik əsasən dini və ənənə meyarları ilə əlaqələndirilir.

“Report”un yerli bürosu xəbər verir ki, bu, bölgədə erkən evliliklə bağlı zərərli təcrübələr mövzusunda aparılmış araşdırmanın nəticələrindən məlum olub.

Gürcüstanın Ombudsman Aparatı və BMT-nin Əhali Fondunun (UNFPA) Nümayəndəliyinin dəstəyi ilə Kvemo Kartli bölgəsinin 7 bələdiyyəsində həyata keçirilmiş araşdırmada bu məsələdə hüquq-mühafizə orqanları və məktəbin rolunun vacibliyi vurğulanıb.

Araşdırmaçı - “Salam” gənclər platformasının üzvü Kamran Məmmədli bildirib ki, polis əksər hallarda erkən evlilik hallarına göz yumur, bu məsələdə müdafiə mexanizmi kimi isə Ombudsman Aparatı və yerli fəallar çıxış edirlər.

Tədbirdə iştirak edən ombudsman Nino Lomcariya Gürcüstanda etnik azlıqlar arasında cinsi və reproduktiv sağlamlıqla bağlı vəziyyətə toxunub. O, bu sahədə durumun çox mürəkkəb olduğunu bildirib:

“Onların əksəriyyəti, xüsusən də qadınlar ailə qayğıları və digər problemlərə daha çox önəm verir”.

UNFPA-nın Gürcüstan Nümayəndəliyinin rəhbəri Lela Bakradze öz növbəsində deyib ki, etnik azlıqların reproduktiv sağlamlığı ilə bağlı vəziyyət şəhər və kənd yerlərinə görə çox fərqlənir:

“Bu mövzuda aparılmış araşdırma məlumatlılıq, sosial və mədəni problemlərin səbəbləri barədə öyrənmək baxımından çox əhəmiyyətlidir. dövlət proqramlarının planlaşdırılmasına bu cür araşdırmalar kömək edə bilər”.

Etnik azlıqlar arasında reproduktiv sağlamlıqla bağlı vəziyyətin qiymətləndirilməsinə dair araşdırma müəllifi Esma İmerlişvili bu sahədə durumun ürəkaçan olmadığını bildirib. Kvemo Kartli və Samtsxe Cavaxeti bölgələrində ötən ilin sentyabr-oktyabr aylarında aparılmış araşdırmaya əsasən, əsas səbəblər kimi tabu və stiqmalar, dil baryeri, cinsi təhsilin olmaması, tibbi personalın qeyri-həssaslığı, və tibbi xidmətlərin maddi baryerə görə əlçatan olmaması müəyyən edilib.

Son xəbərlər

Orphus sistemi