Gürcüstan parlamentində “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin yenidən müzakirəyə çıxarılması ölkədə yenidən siyasi qarşıdurmaya səbəb olub. Hökumət bu qanunun qəbulunun ölkədə siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının fəaliyyətində şəffaflığın təmin olunmasına, demokratiyanın, söz azadlığının inkişafına xidmət etdiyini bəyan edib. Lakin müxalifət və onları dəstəkləyən QHT-lər, mətbuat orqanları bu qanunun qəbuluna etiraz edir.
Hərbi-siyasi ekspert Amiran Salukvadze "Report"un Gürcüstan bürosuna müsahibəsində bildirib ki, qanun təşkilatların öz maliyyələri haqqında deklarasiyalarını nəzərdə tutur:
"Burada söhbət maliyyələşməsinin 20 faizindən çoxunu xaricdən alan təşkilatlardan gedir. Sənədə əsasən qurumlar ildə bir dəfə müvafiq reyestrə maliyyənin haradan və hansı məqsədlər üçün daxil olması barədə məlumat verməlidirlər. Yəni qanun layihəsinin əsas məğzi bundan ibarətdir".
Ekspert hesab edir ki, qeyri-hökumət təşkilatları şəffaflıq nümunəsi olmalıdır: "Lakin nə baş verir? Bir il əvvəl layihənin adı onlar üçün qəbuledilməz idi. Ötən il sənəd ilk dəfə parlamentə təqdim ediləndə adını “inocasuslar” qoydular. Hakim partiya mənsublarının dediyi kimi, o zaman cəmiyyət sənəd barədə kifayət qədər məlumatlandırılmamışdı. Bu dəfə vəziyyət artıq fərqlidir. Müvafiq iş aparılıb və cəmiyyət qanunun kimə aid olması, məqsədləri barədə məlumatlandırılıb".
Ekspert bildirib ki, qanun layihəsi əvvəlcə parlamentin komitələrində müzakirə olunmalı, sonra plenar iclasda üç oxunuşda müzakirə edilməlidir: “Hələ birinci oxunuş belə olmayıb. Sənədə hansısa dəyişikliklər edilə bilər. Baş nazir məsələ ilə bağlı deyib ki, hökumət və hakim partiya həm dövlət daxilində, həm də partnyorlar ilə diskussiyalara açıqdır".
O bildirib ki, hakim partiya digər dövlətlərdən nümunə gətirir: “Bu cür qanun bir çox ölkədə qəbul edilib. ABŞ, Böyük Britaniya, İsrail, Fransa müvafiq qanunları qəbul edib. Avropa İttifaqında Avro Komissiyanın təsdiq etdiyi direkt ilə bağlı müzakirə aparılır. Ola bilsin ki, konsepsiya başqadır, lakin Qərbin bu yöndə qanunvericiliyi daha sərtdir. Qanunun son variantının hansı məzmunda olacağını demək çətindir. Yəni bu hələ başlanğıcdır”, - A.Salukvadze vurğulayıb.