“Yayılan məlumatlara əsasən, Vahid Milli Hərəkat Partiyası Marneulinin Şulaver ərazi vahidliyində magistral yolu bağlayaraq Mixeil Saakaşvilinin gəlişi tələbi ilə aksiya keçirməyi planlaşdırır”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu hakim Gürcü Arzusu Partiyasının Marneuli-Qardabani üzrə deputatı Zaur Darğallı partiyanın Marneulidəki qərargahında keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, bu, müxalifət partiyasının seçkiqabağı destruktiv və təxribatçı hərəkətlərinin davamıdır: “Partiya Marneulidə təxribata hazırlaşır və qanunsuz yürüş planlaşdırıb. Qanunazidd əməllərə qarşı qanun çərçivəsində sərt tədbirlər görüləcək”.
Deputat qeyd edib ki, yürüş əhali arasında qarşıdurmaya səbəb ola bilər: “Vətəndaşları təxribatlardan çəkinməyə və seçkiqabağı kampaniyanın dinc şəraitdə keçməsini istəməyən destruktiv müxalif qüvvələrin təşkil etdiyi aksiyaya qatılmamağa çağırıram”.