Filippinin cənubunda, Davao-de-Oro əyalətində torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 90-a yüksəlib, daha 37 nəfər itkin düşmüş sayılır.
“Report” xəbər verir ki, məlumatı “ABS-CBN News” telekanalı yayıb.
“Arex Mining” qızıl hasilatı şirkətinin böhran qərargahının rəhbəri Ferdinand Dobli bildirib ki, sabit olmayan qrunt və yeni sürüşmə təhlükəsi səbəbindən axtarış-xilasetmə əməliyyatı dayandırılıb.
Filippinin Silahlı Qüvvələri insanların xilas edilməsi və fəlakətin nəticələrinin aradan qaldırılmasına cəlb olunub, əhaliyə humanitar yardım göstərilib. İlkin əməliyyata təxminən 9 hektar ərazidə yüzlərlə insan və ağır texnika cəlb olunub.
Qeyd edək ki, fevralın 12-də təbii fəlakət nəticəsində 68 nəfərin öldüyünə, 51 nəfərin itkin düşdüyünə dair məlumat yayılmışdı.