Bakı. 22 aprel. REPORT.AZ/ Ermənistanın keçmiş prezidenti və hazırkı baş naziri Serj Sarqsyan istefa şərtlərini açıqlayıb.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, baş nazir ölkənin təhlükəsiz inkişafını təmin etdikdən və Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına nail olduqdan sonra vəzifəsindən gedəcəyini bildirib.
Onun sözlərinə görə, Ermənistanda demokratiya heç vaxt "geridə qalmayacaq". Sarqsyan həmçinin deyib ki, onun baş nazir vəzifəsində olması "regiondakı mürəkkəb geosiyasətlə bağlıdır".
"Mənim təsəvvürümcə, bu problemlər həll olunandır. Ölkənin lideri bundan sonra başqa məsələləri öz üzərinə götürə bilər", - deyə o, özünü lider adlandıraraq bildirib.
Qeyd edək ki, Ermənistan müxalifəti onun baş nazir vəzifəsinə təyin edilməsi əleyhinə etiraz aksiyaları keçirir. Aksiyaların gedişində yüzlərlə müxalifətçi saxlanılıb və həbs edilib.