Ermənistanda yanğınlar davam edir - VİDEO
- 05 sentyabr, 2017
- 08:50
Bakı. 5 sentyabr. REPORT.AZ/ Ermənistanın qərbindəki Araqatsotn vilayətinin Byurakan kəndi yaxınlığında bütün gecə ərzində yanğınsöndürmə işləri aparılıb.
"Report" "NEWS.am" portalına istinadən xəbər verir ki, yanğınsöndürmə işlərində 154 yanğınsöndürən-xilasedici iştirak edib.
Səhər saatlarında Ermənistan Müdafiə Nazirliyinin helikopterləri ilə havadan kəşfiyyat işləri aparılıb və nəticədə yanğının ocaqları və yayılma yolları müəyyənləşdirilib.
Helikopterlər vasitəsilə ən çətin yerlərə xilasetmə-desantlar çatdırılıb, onların qarşısına yanğını lokallaşdırmaq tapşırığı qoyulub.
Məlumata görə, yaxınlıqdakı yaşayış məntəqələri üçün təhlükə yoxdur.
Yanğının söndürülməsi üzrə işlərdə yanğınsöndürən-xilasedicilər, Ermənistan Müdafiə Nazirliyinin hərbi qulluqçuları, polis, meşə təsərrüfatı işçiləri və ətraf kəndlərin sakinləri iştirak edirlər.