Bakı. 26 may. REPORT.AZ/ Mayın 27-də Yerevanda Azadlıq meydanında "Soyğuna yox"un təşəbbüsçüləri elektirik enerjisinin qiymətinin bahalaşdırılmasına etiraz olaraq aksiyası keçirəcək.
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda təşəbbüs qrupunun üzvü Maksim Sarkisyan mayın 26-da keçirdiyi mətbuat konfransında bildirib: "Təşəbbüsümüzə çoxlu sayda vətəndaşın qoşulacağına ümid edirəm. Çünki aksiya ilə maraqlananların sayı çoxdur. Heç şübhəsiz, vətəndaşlarımız mübarizəyə hazırdır".
Onun sözlərinə görə, "Qaranlıq saatı" aksiyasında iştirak edənlərin sayının çoxluğu yürüş-mitinqə qatılanların da çox olacağını proqnozlaşdırmağa imkan verir: "Qiymətlərin qaldırılması əsassızdır. Bunu Ermənistan əhalisi bilir. Ona görə də vətəndaşlarımız Ermənistan Elektirk Şəbəkəsinin borcunu öz cibindən ödəmək istəmir".
Məlumata görə, mayın 27-də Ermənistanın Gümrü, Sisian, Metsamor, İcevan və başqa şəhərlərində də etiraz aksiyası keçiriləcək.
Qeyd edək ki, Elektrik Şəbəkəsi qiymətin 7-9 sentdən 11-14 sentədək bahalaşdırılması təklifini irəli sürüb.