Bakı. 21 yanvar. REPORT.AZ/ Ermənistanın Ararat vilayətinin Ayntap kəndindən olan ailə "Qazprom-Armeniya"dan ev və onlara dəyən ziyanın ödənilməsini tələb edir.
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu zərərçəkən ailənin başçısı Artak Petrosyan bildirib.
Onun sözlərinə görə, məsələyə dair məhkəmə prosesi naməlum səbəblərdən daim təxirə salınır.
2013-cü ildə qaz kəmərinin partlaması nəticəsində Petrosyanlar ailəsinin yaşadığı ev dağılıb. 28 yaşlı Artak Petrosyan isə ikinci dərəcəli əlil olub. İndiyə kimi ailəyə heç bir yardımın verilmədiyi bildirilib.
Zərərçəkən deyib ki, əgər Ermənistan prezidenti Serj Sarqsyan onların şikayətinin təmin olunmasına yardım etməzsə, o zaman ailə üzvləri prezidentin iqamətgahı qarşısında etiraz aksiyası keçirəcəklər.
Qeyd edək ki, "Qazprom Armeniya"ya məxsus təbii qaz kəməri ailənin evinin yaxınlığından keçirmiş.