Ermənistanın Jurnalistlər İttifaqı bəyanat yayaraq, ölkənin Milli Məclisinin deputatlarıı ilə jurnalist arasında olmuş münaqişə haqqında bildirib.
“Report” Ermənistan mətbuatına istinadən xəbər verir ki, ittifaq məmurların və yüksək vəzifəli şəxslərin KİV-in fəaliyyətinə qarşı yönəldilmiş hərəkətlərini pisləyib.
Xüsusi halda bildirilir ki, münaqişə 5TV telekanalının əməkdaşı ilə "Mənim addımım" fraksiyasının deputatları Kristina Poqosyan və Artur Ovannisyan arasında olub. Qeyd edilir ki, davanın gedişatında deputatlardan biri iki dəfə mikrofona vurub, sonra jurnalistin ünvanına təhdidlər səsləndirib.
Telekanalın direktorunun sözlərinə görə, Baş Prokurorluğa müraciət müzakirə edilir və hadisə üzrə sübutun videogörüntüsü ittifaqa təqdim olunub.
Qeyd edilir ki, bu çağırış yalnız deputatlara deyil, həm də Ermənistanın İctimai Şurasının rəhbərliyinə, hökumət üzvlərinə, idarələrin əməkdaşlarına, bütünlükdə ictimai-siyasi xadimlərə ünvanlanıb. Bundan əlavə, ittifaq Ombudsmanı və digər hüquq təşkilatlarını gələcəkdə oxşar hadisələrin qarşısını almaq üçün lazımi addımlar atmağa və baş verənləri qiymətləndirməyə çağırıb.