Ermənistanın 2025-ci il üçün büdcə layihəsinin yenidən nəzərdən keçirilməsindən sonra proqnozlaşdırılan ümumi daxili məhsul (ÜDM) həcmi 158 milyard dram (təxminən 405 milyon ABŞ dolları) azalacaq.
“Report” yerli KİV-lərə istinadən xəbər verir ki, bu barədə maliyyə naziri Vaqe Ovannisyan Ermənistan parlamentində bildirib.
Nəticədə ÜDM-in 10,89 trilyon dram (əvvəlki 11,05 trilyon dram əvəzinə) səviyyəsində olacağı proqnozlaşdırılır. Hökumət iqtisadi artım proqnozlarını da (5,6 %-dən 5,1 %-ə) pisləşdirib.
Büdcə gəlirlərinə gəlincə, onlar ilkin göstərici ilə müqayisədə 35,5 milyard dram az olmaqla 2,837 trilyon dram olacaq. Büdcə xərcləri 3,441 trilyon dram təşkil edəcək.
Büdcə kəsiri ÜDM-in 5,5 %-i və ya təxminən 604 milyard dram (5,4 milyard azalıb) olacaq.