Sabiq president Robert Koçaryanın rəhbərlik etdiyi "Ermənistan" bloku ölkədə siyasi repressiyaların başladığını bildirib.
“Report” Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə blokun mərkəzi seçki qərargahının nümayəndəsi Aram Vardevanyanın feysbukda paylaşdığı bəyanatda deyilir.
O, bildirib ki, baş nazir səlahiyyətlərinin müvəqqəti icraçısı Nikol Paşinyanın həmrəyliyin təzahürü haqqında danışması uzaqda deyil. Artıq qərargah üzvləri növbədənkənar parlament seçkilərində "Ermənistan" blokunun komandasının üzvləri olan icmalardan çoxsaylı siqnallar alırlar.
Qeyd edilir ki, icmalarda vəzifə tutan bütün üzvlər təhdidlər vasitəsilə öz ərizələri ilə istefaya getməyə məcbur edilirlər.
Lori administrasiyasında belə tələb Odzun icmasının başçısı Arsenə Titanyana qarşı irəli sürülüb. O, qubernatorun tələbini yerinə yetirməkdən imtina etdikdə vilayət administrasiyasının binasında döyülüb.
Blok hadisəni kəskin qınayıb və müqəssirlərin cəzalandırılması üçün bütün tədbirləri görəcəyini bildirib. “Əgər hakimiyyət belə təcrübədən imtina etməsə, onda yeni siyasi böhranın əsasını qoyacaq”, - bəyanatda vurğulanır.