Ərdoğan: “Səudiyyə Ərəbistanı Camal Qaşıqçının meyitini Türkiyədə kimə verdiyini açıqlamalıdır” - ƏLAVƏ OLUNUB

Ərdoğan: “Səudiyyə Ərəbistanı Camal Qaşıqçının meyitini Türkiyədə kimə verdiyini açıqlamalıdır” - ƏLAVƏ OLUNUB “Tutulan 18 nəfər Türkiyədə mühakimə edilməlidir”
Region
9718
23 Oktyabr , 2018 13:45
Ərdoğan: “Səudiyyə Ərəbistanı Camal Qaşıqçının meyitini Türkiyədə kimə verdiyini açıqlamalıdır” - ƏLAVƏ OLUNUB
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan / REUTERS/Umit Bektas
0 : 00
0 : 00

Bakı. 23 oktyabr. REPORT.AZ/ “Səudiyyə Ərəbistanı “Camal Qaşıqçının meyitini Türkiyəyə təhvil vermişik” deyir. Onlar meyiti kimə verdiklərini açıqlamalıdırlar”.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının parlamentdəki fraksiyasının genişləndirilmiş toplantısında bildirib.

Onun sözlərinə görə, hadisələrin gedişatı Camal Qaşıqçının qətlinin planlaşdırılmış şəkildə həyata keçirildiyini deməyə əsas verir.

“Hadisə İstanbulda baş verdiyindən biz də araşdırma aparmağa məcburuq. Səudiyyə Ərəbistanının kralı ilə əlimizdəki məlumatları paylaşdım. Kralın təlimatı üzrə orada araşdırma apardıq. Baş Konsulluğun məsuliyyətsiz davrandığını krala söylədim. Onu tutduğu vəzifəsindən azad etdilər. Sui-qəsddən bir gün sonra Krallıq Camal Qaşqıçının Baş Konsulluqda öldürüldüyünü etiraf edib. Kral Salman hadisə ilə bağlı 18 nəfərin tutulduğunu bildirdi. Onların adları bizim şübhələndiklərimiz şəxslərlə eyni idi. Ölkəmizin etibarına yönələn bu sui-qəsdlər bizi yolumuzdan döndərə bilməz. Heç kim unutmasın ki, bunlar Türkiyənin sərhədləri daxilində baş verir. Vyana Konvensiyası da buna yol vermir. Biz bu cinayəti axıradək araşdıracağıq. Türkiyə bu məsələni təqib edəcək. İndiyədək ortaya çıxan dəlillər göstərir ki, Camal Qaşıqçı vəhşicəsinə öldürülüb. Cinayətin adi bir hadisədən qaynaqlanmadığı, planlı bir qətl olması haqqında əlimizdə dəlillər var. Cinayət günü 15 nəfər niyə İstanbulda toplanmışdı? Onlar kimdən əmr alaraq bura gəlmişdilər? Cinayət açıq-aşkar ortadaykən niyə onlarla əsassız dəlillər irəli sürülüb? Biz bu suallara cavab istəyirik. Bu məsul şəxs kimdir? O, sıradan biri deyil. Səudiyyə Ərəbistanı bu cinayətin məsuliyyətini daşıyanı açıqlamağa borcludur. Buradan çağırış edirəm. Hadisə İstanbulda baş verdiyindən tutulan 18 nəfər burada mühakimə edilməlidir”, - o vurğulayıb.

Qeyd edək ki, jurnalist C.Qaşıqçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunun binasında öldürülüb. Krallıq onun qətlə yetirildiyi ilə bağlı açıqlama vermirdi. Ancaq oktyabrın 20-də Səudiyyə Ərəbistanı rəsmi olaraq, jurnalistin konsulluğun binasında öldürüldüyünü etiraf edib. Kral Salman və vəliəhd şahzadə Məhəmməd bin Salman C.Qaşıqçının ailəsinə başsağlığı verib.

Xatırladaq ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Cina Haspel Səudiyyə Ərəbistanının İstanbildakı Baş Konsulluğunda öldürülən jurnalist C.Qaşıqçı ilə bağlı məsələni araşdırmaq üçün oktyabrın 29-da Türkiyəyə səfər edəcək. O, jurnalistin öldürülməsi ilə bağlı aparılan istintaq işi üzrə bir sıra görüşlər keçirəcək.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 22-də telefonla C.Qaçıqçı mövzusunu ABŞ Prezidenti Donald Trampla müzakirə edib.

Son xəbərlər

Orphus sistemi