Bakı. 23 oktyabr. REPORT.AZ/ “Madam ki, MHP fərqli seçim edib, “biz yolumuza” deyir, biz də “hərə öz yoluna” deyərik”.
“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) parlamentdəki fraksiyasının genişləndirilmiş toplantısında deyib.
Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Bahçelinin qarşıdan gələn bələdiyyə seçkilərində AKP ilə “Cümhur İttifaqı” formatında birgə iştirak etməyəcəkləri haqqında açıqlamasına münasibət bildirən R.T.Ərdoğan deyib ki, bu ittifaq uzun müddət üçün formalaşdırılıb: “Biz 2053, 2071-ci illər üçün ittifaq qurduq. Bunun üçün artıq baxış fərqlərini “Cümhur İttifaqı”nın üzərinə düşməsinə icazə verməməliyik. Biz bu ittifaqın ruhuna ziyan verəcək heç bir iş görmədik və görməyəcəyik. Millətimizin əmanəti olan “Cümhur İttifaqı”nı gündəlik siyasətdən üstün tutmaq istədik. Gördük ki, MHP fərqli seçim etdi. Madam “biz yolumza” deyirlər, biz də “hər kəs öz yoluna” deyirik”.
Qeyd edək ki, MHP-nin sədri Dövlət Bahçeli bu ittifaqın tərkibində bələdiyyə seçkilərində iştirak etməyəcəklərini deyib.
*** 12:55
“Bizim ittifaqdan gözləyəcəyimiz heç nə qalmayıb”.
“Report” Türkiyənin NTV telekanalına istinadən xəbər verir ki, bunu Milliyyətçi Hərəkat Partiyasının sədri Devlet Bahçeli qrup toplantısında bildirib.
Onun sözlərinə görə, Ədalət və İnkişaf Partiyası ilə qurduqları “Cümhur ittifaqı”nın fəaliyyəti başa çatıb.
Partiya lideri 2019-cu il martın 31-də keçiriləcək bələdiyyə seçkilərinə öz namizədləri və emblemləri ilə qatılacaqlarını vurğulayıb.
Qeyd edək ki, “Cümhur ittifaqı” Türkiyədə keçirilən parlament və prezident seçkiləri zamanı Ədalət və İnkişaf Partiyası ilə Milliyyətçi Hərəkat Partiyası arasında qurulmuşdu.
Ötən gün iki partiya arasında İstanbul Böyükşəhər Bələdiyyə sədrliyinə namizəd və əfv məsələsində razılıq əldə edilmədiyindən “ittifaq”ın dağıldığı ehtimal olunur.