Bakı. 2 may. REPORT.AZ/ Türkiyənin Cümhuriyyət Xalq Partiyası (CHP), İYİ Partiya, Səadət Partiyası və Demokrat Partiyası iyunun 24-də keçiriləcək prezident və parlament seçkiləri ilə bağlı ittifaq yaratmaq barədə razılığa gəlib.
“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, partiyalar ittifaq yaratmaqla bağlı protokolu Mərkəzi Seçki Komissiyasına mayın 6-dək təqdim edə bilər.
Mayın 6-sı bunun üçün sonuncu gündür.
Bu ittifaqın yaranması ilə bağlı hələlik razılaşma imzalanmayıb. Birliyin prezidentliyə vahid namizəd irəli sürəcəyi bildirilib.
Mayın 3-də dörd partiyanın liderləri ortaq mətbuat konfransı keçirəcəklər.
Qeyd edək ki, bundan əvvəl hakim Ədalət və İnkişaf Partiyası ilə müxalif Milliyyətçi Hərəkat Partiyası “Cümhur ittifaqı” yaradıb.