Bakı. 16 iyun. REPORT.AZ/ İyunun 18-19-da Tacikistanın paytaxtı Düşənbədə MDB-nin Sərhəd Qoşunları Komandanlığı Şurasının 73-cü növbəti toplantısı keçiriləcək.
"Report" xəbər verir ki, bu haqda Tacikistan KİV-i məlumat yayıb.
Xəbərə görə, tədbirdə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Türkmənistan, Tacikistan, Özbəkistan, Rusiya və Ermənistanın sərhəd qoşunları komandanları ilə yanaşı, Əfqanıstanın da uyğun qurumunun rəhbəri iştirak edəcək.
Məlumatda bildirilib ki, toplantıda sərhəddə böhran şəraitinin tənzimlənməsi, qanunsuz miqrasiyaya qarşı mübarizə, narko-ticarət və qaçaqmalçılığa qarşı mübarizə məsələlərinin müzakirə ediləcəyi planlaşdırılır.
Komandanlar Tacikistan-Əfqanıstan sərhədindəki qoşun hissələrinə də baş çəkəcəklər.