“Avropada ikili standartlar var. Artıq 20 ildir bu barədə danışırıq. Bunu tamamilə hər şeydə müşahidə edirik: sözdə demokratiyada, bərabərlikdə və hüquqlarda. Azərbaycan və Rusiya, təəssüf ki, bu gün Avropa tərəfindən bərabərhüquqlu tərəfdaşlar olaraq qəbul edilmir. Peyvəndlərin paylanmasında da oxşar vəziyyəti görürük. Onlar siyasəti hər şeydən üstün tuturlar. Nə ağlı, nə məqsədəuyğunluğu, nə vətəndaşların həyatını, yalnız siyasi üstünlükləri düşünürlər”.
Bu sözləri “Report”un Rusiya bürosuna Rusiya Dövlət Dumasının Beynəlxalq Məsələlər Komitəsi sədrinin birinci müavini Yuri Oleynikov deyib.
Deputat həmçinin belə vəziyyətin niyə meydana gəldiyini və COVAX beynəlxalq təşəbbüsünün təşkilində ciddi səhv hesablamalarla əlaqəli qalmaqalın nə ilə bağlı olduğunu açıqlayıb: “Bu, ənənələr və Qərbin hər zaman bizə öz yerimizi göstərmək, istənilən meydanda bərabər şərtlərlə çıxış etmək imkanından məhrum etmək istəyi ilə bağlıdır. Bunu həqiqətəuyğun olmayan “qışqırıqlar”ın səsləndiyi ATƏT-dən bilirəm. İndi də eyni durum tibb sahəsində yaşanır”.
Azərbaycanın təşəbbüsü ilə qəbul edilmiş BMT qətnaməsini şərh edən Oleynikov dəstəyini ifadə edib: “Azərbaycanın mövqeyini tam şəkildə bölüşürəm. O, rasional və düzgündür. Fikrimizi vaxtında ifadə etməli, bərabərlik əldə etməliyik, o cümlədən də COVID-19 əleyhinə peyvəndlərin paylanmasında və tibbi proqramların maliyyələşdirilməsinə yanaşmalarda”.