Dərbənddə Narın Qalanın divarının bir hissəsi uçub

Dərbənddə Narın Qalanın divarının bir hissəsi uçub Dağıstanın Dərbənd şəhərində Narın Qalanın divarlarının bir hissəsi dağılıb.
Region
17 Noyabr , 2020 12:47
Dərbənddə Narın Qalanın divarının bir hissəsi uçub

Dağıstanın Dərbənd şəhərində Narın Qalanın divarlarının bir hissəsi dağılıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Dərbənd şəhər administrasiyasının mətbuat xidməti yayıb.

Divarın uçmasına səbəb olaraq güclü yağışların yağması göstərilib.

Bildirilib ki, Narın Orta Qapısının yanında, Qalanın cənub hissəsindəki divar uçub.

Vurğulanıb ki, Dərbənd şəhər rəhbərliyi qalanın cənub divarının qəzalı vəziyyətdə olması, orada yenidənqurma və bərpa işlərinin aparılması üçün Rusiyanın bütün strukturlarına müraciət ediblər: “Ancaq indiyədək heç bir tədbir görülməyib”.

Qeyd edək ki, Dərbəndin qədim hissəsi, o cümlədən 6-cı əsrə aid Narın Qala, 8-ci əsrə məxsus Cümə məscidi və şəhərin qala istehkamı 2003-cü ildə UNESCO-nun mədəni irsi siyahısına daxil edilib.

Narın Qala və ya İç Qala Dərbənd qalasının mərkəzini təşkil edən İslamdan əvvəlki dövrə aid qədim qəsrdir. Qalanın adının mümkün tərcümələrindən biri “Günəşli qala” kimi qeyd edilir. Dərbənd, Böyük Qafqaz dağlarının Xəzər dənizinə yaxınlaşaraq 3 km-lik ensiz düzən formalaşdırdığı Böyük Qafqaz keçidinin ən zəif müdafiə olunan ərazisində yerləşir. Müdafiə sisteminə Narın Qala ilə yanaşı, Dərbənd qala divarları, Dağ barısı, Gilgilçay səddi, Beşbarmaq səddi və Çıraqqala da daxildir.

Qərb tərəfdən Dərbənd divarları Narın Qala qəsrinə birləşir, qəsrin inşa edilməsinə kimi, həmin hündür təpə ərazisində düşmənin yaxınlaşmasını bildirən tonqallar qalanarmış.

Orta əsrlərdə Dərbənd ərazisi Dərbənd əmirliyinin, Şirvanşahlar dövlətinin və Səfəvilər imperiyasının tərkibinə daxil olmuşdur. Rusiyanın Xəzəryanı bölgələrə hərbi yürüşü (1722-1723) zamanı Dərbənd qalası ələ keçirilərək müvəqqəti olaraq Rusiya imperiyasının tərkibinə qatılmışdı.

1747-ci ildə Məhəmmədhəsən xan tərəfindən Dərbənd xanlığının əsası qoyulub. Xanlıq 1806-cı ildə general Valerian Zubovun rəhbərlik etdiyi Rusiya ordusu tərəfindən işğal edilərək imperiyanın tərkibinə qatılıb. Bundan sonra Narın Qalada Zubovun hərbi qərargahı yerləşdirilib.

Narın Qala ərazisində hələ də arxeoloji qazıntı işləri aparılır.

Son xəbərlər

Orphus sistemi