Salome Zurabişvili istər qanundan, istərsə də Konstitusiyadan asılı olmayaraq tamamilə nəzarətsiz hərəkət edir.
“Report”un məlumatına görə, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili deyib.
Onun fikrincə, S.Zurabişvilinin ölkədə yeni parlament seçkilərinin keçirilməsi tələbi heç bir legitimliyə malik deyil və əsassızdır.
Gürcüstan parlamentinin deputatı Eka Sepaşvili isə hesab edir ki, Salome Zurabişvili real deyil, paralel bir dünyada yaşayır.
“Görünür o, xaricdən ciddi göstəriş alıb ki, növbədənkənar seçkilər təyin etsin və bu istiqamətdə çalışır. Lakin, onun bu cəhdi baş tutmayacaq. Təəssüf ki, Gürcüstan tarixində ilk dəfədir ki, Konstitusiyanı pozan, qanunlara tabe olmayan və xalqın iradəsini nəzərə almayan belə bir prezidentimiz var. O, xarici aktorların tapşırıqlarını öz ölkəsinin maraqlarından üstün tutur” – deyə Sepaşvili vurğulayıb.
Gürcüstan parlamentinin birinci vitse-spikeri Giya Volski bəyan edib ki, ölkədə keçirilən seçkilər saxtalaşdırılmayıb və nəticələrdən narazılıq siyasi spekulyasiya kimi qiymətləndirilməlidir.
Onun sözlərinə görə, seçkinin nəticələrindən narazı olan bəzi qrupların ölkəni gərginliyə salması yolverilməzdir:
“Bu qruplar müəyyən ssenari üzrə hərəkət edərək, ölkəyə xüsusi tapşırıqları yerinə yetirəcək və Gürcüstanın dağıdılmasına zəmin yaradacaq bir hakimiyyəti gətirməyi hədəfləyir. Hakimiyyət, arxasında 1 milyon 120 min seçicinin dəstəyi olduğu halda, mövqeyini güzəştə getməməlidir”, – deyə Volski bildirib.