4 iyul 2022-ci il tarixində İrana rəsmi səfəri çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə görüşüb.
"Report" Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinə istinadən xəbər verir ki, İran Prezidenti Seyid İbrahim Rəisi noyabrın 28-də Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşünü məmnunluqla xatırlayıb. O, Azərbaycan Prezidenti İlham Əliyevə səmimi salamlarını çatdırıb. Prezident Seyid İbrahim Rəisi, İranla Azərbaycan arasında əlaqələrin dərin köklərə sahib olduğunu bildirib və iki ölkə arasında mədəni və tarixi əlaqələrin xalqlarımızın istəyindən irəli gəldiyini söyləyib. Bundan sonra da əlaqələrin inkişafının təmin olunması üçün ticarət dövriyyəsinin artırılmasının zəruriliyini vurğulayan Prezident Seyid İbrahim Rəisi, ikitərəfli əlaqələrin regional əməkdaşlığa da öz töhfəsini verəcəyini qeyd edib.
Ceyhun Bayramov iki ölkə arasında mövcud olan tarixi, dini və mədəni bağlardan söhbət açaraq əlaqələrin inkişafında dövlət başçılarının görüşlərinin mühüm əhəmiyyət kəsb etdiyini söyləyib. Bu xüsusda, iki ölkənin Prezidentləri arasında qısa zamanda iki görüşün keçirilməsinin əhəmiyyətini vurğulayıb. Nazir iki ölkə Prezidentlərinin Aşqabadda keçirdiyi görüşdə əldə olunan razılıqlar və verilən tapşırıqlara müvafiq olaraq İranda öz həmkarı ilə faydalı danışıqların aparıldığını qeyd edib.
Nazir, həmçinin iki ölkə arasında energetika, nəqliyyat, kommunikasiya sahələrində həyata keçirilən birgə layihələrdən söz açıb. Bu xüsusda Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılmasının, o cümlədən işğaldan azad edilmiş ərazilərdə birgə layihələrin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.
Görüşdə, həmçinin bölgədəki cari vəziyyət ətrafında fikir mübadiləsi aparılıb. Regional sülh və təhlükəsizliyin təmin edilməsinin və bu istiqamətdə region ölkələrinin əməkdaşlığının vacib olduğu bildirilib.