Rəsmi Ankara Ukraynada baş verənləri müharibə kimi qiymətləndirir və bundan sonra Montrö Konvensiyasının müddəalarının yerinə yetirilməsinə nəzarət etmək niyyətindədir.
“Report” xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu CNN Türk telekanalına açıqlamasında bildirib.
"Montrö Konvensiyası sahilyanı və qeyri-sahil ölkələrin (Qara dənizdə-red) hərbi gəmilərinin keçidini tənzimləyir. Türkiyə indiyə qədər konvensiyaya ciddi əməl edib, biz Montrö Konvensiyasının 19-cu maddəsini şəffaf şəkildə həyata keçirəcəyik. İlkin olaraq bu, Rusiyanın hücumu idi. Biz bunu mütəxəssislərlə, hərbçilərlə, hüquqşünaslarla qiymətləndirdik. İndi bu, müharibəyə çevrilib. Bu, hərbi əməliyyat deyil, müharibədir”, - nazir deyib.
Çavuşoğlu deyib ki, Avropa Şurası Rusiya ilə əlaqələri kəsməkdə fayda yoxdur, Türkiyə dialoqun tərəfindədir.
"Türkiyənin (Rusiyaya qarşı) sanksiyalarda iştirak etməməsi ilə bağlı iddialar doğru deyil. Biz Rusiyanın hücumlarını qəbul etmədiyimizi söylədik. Məqsədimiz dialoqun olmasıdır. Ukraynaya dəstəyimizi açıq şəkildə ifadə etmişik", - o deyib: “Biz dialoqun dayandırılması qərarını qəbul etməməliyik. Rusiya ilə əlaqələri kəsməkdə Avropa Şurasına hansısa bir fayda varmı? Yox".