Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca Çanaqqalada baş verən meşə yanğınında ümumilikdə 83 nəfərin zərər çəkdiyini açıqlayıb.
"Report" xəbər verir ki, o, bu barədə "X" hesabında bildirib.
Nazir qeyd edib ki, zərərçəkənlərdən 14-ü hadisə yerinə təyin edilmiş təcili yardım maşınları ilə xəstəxanalara çatdırılıb, 48 nəfər isə ambulator xəstəxanalara yerləşdirilib. Bundan başqa, 21 nəfərin təcili yardım maşınları ilə ambulator müayinəsi aparılıb.
F.Qoca əlavə edib ki, əyalət üzrə 74 təcili yardım maşını, 4 UMKE maşını (Milli Tibbi Xilasetmə Qrupları-red.) və 32 xidmət maşını sürücüləri ilə birlikdə hadisə yerinə təyin edilib.
"Türkiyənin Çanaqqala bölgəsində meşə yanğınına qarşı mübarizə tədbirləri aramsız olaraq davam edir".
"Report" xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Ali Yerlikaya özünün "X" hesabında yazıb.
Onun sözlərinə görə, bölgəyə AFAD, Meşə İdarəsi, Türk Polis Təşkilatı, Jandarma, Milli Müdafiə Nazirliyi, bələdiyyələr və özəl idarələrdən ibarət 2 659 işçi cəlb olunub.
Həmçinin, yanğının söndürülməsinə 8 təyyarə, 26 helikopter, 240 ədəd suçiləyici, 71 su tankeri və 328 ədəd digər vasitələr cəlb edilib.
Rayonun 9 kəndində ümumilikdə 337 təsərrüfat və 1 251 nəfər ehtiyat tədbiri olaraq təxliyə edilib. O cümlədən, Sarıcaeli kəndinin qocalar evindən 72 vətəndaş təxliyə olunub. Onlar yataqxanaya yerləşdirilib.
Nazir vurğulayıb ki, Çanaqqala-Çan şosesi mülki nəqliyyat vasitələrinin hərəkəti üçün bağlıdır. Həmçinin, Çanaqqala boğazı ikitərəfli dəniz nəqliyyatı üçün bağlıdır.