Bir qrup erməni hüquqşünas Armen Sarkisyanın prezidentliyə seçilməsinin qanuniliyinin yoxlanılması tələbi ilə Baş Prokurorluğa müraciət edib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Hüquqşünaslar Birliyinin rəhbəri Ara Zöhrabyan bildirib.
“Armen Sarkisyan 2003-2012-ci illərdə Birləşmiş Krallıq vətəndaşlığına sahib olub və 2 mart 2018-ci ildə prezident seçilib. Bu vəziyyətdə namizədin son altı ildə yalnız Ermənistan vətəndaşlığına sahib olması tələbi təmin edilməyib. Sarkisyan yalnız Britaniya vətəndaşlığının etibarlılığının 1 mart 2012-ci tarixindən əvvəl sona çatması halında prezident seçilə bilərdi”, - o söyləyib.
Müraciəti, təxminən, 50 erməni hüquqşünas imzalayıb.
Qeyd edək ki, Sarkisyan Ermənistanın prezidenti seçildiyi 2018-ci ilə qədər respublikanın Böyük Britaniyadakı səfiri vəzifəsində çalışıb. Onun ailəsinin bir hissəsi hələ də orada yaşayır.