Müxalifət və psevdoliberal, psevdo-Avropa qüvvələri Gürcüstanın dinc və sabit inkişafının əleyhinədirlər.
Bu sözləri "Report"un Gürcüstan bürosuna açıqlamasında bu ölkənin parlamentinin deputatı İrakli Şatakişvili deyib.
Onun sözlərinə görə, 26 oktyabr - parlament seçkiləri yaxınlaşdıqca həmin qüvvələrin getdikcə daha da gərginləşən isterik, qeyri-dövlət tonu hakim siyasi komanda üçün təəccüblü deyil.
"Bu qüvvələrin son illər Gürcüstanla bağlı heç bir real əsası olmayan fəal şəkildə yaydıqları saxta məlumatlar, Rusiyada mövcud olmayan bəzi qanunlar haqqında rəvayətlər, Gürcüstan əhalisini aldatmağa cəhd etmələri yalnız onu göstərir ki, bu insanların əsl Avropa dəyərlərinə heç bir aidiyyəti yoxdur.
Biz seçkilər öncəsi əhali ilə fəal əlaqə saxlayırıq və Gürcüstan əhalisinin tələblərinin nədən ibarət olduğunu dəqiq bilirik. Gürcüstanın Avropaya inteqrasiyası, onun Avropa seçimi hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının siyasi komandası tərəfindən heç bir vaxt ikinci plana keçirilməyib və bu gün də bizim üçün prioritetdir", - İ.Şatakişvili qeyd edib.
Deputat vurğulayıb ki, Gürcüstan hökuməti 2017-ci ildə xalqın Avropa seçimini konstitusiya ilə təmin etdi. Bu da müstəqil Gürcüstan tarixində Avropaya doğru atılan bütün real addımlar kimi, “Gürcü Arzusu”nun hakimiyyətdə olduğu dövrdə baş verən ən mühüm addımlardan biridir:
"Gürcü Arzusu" 12 illik hakimiyyəti dövründə Gürcüstanda sülhü qoruyub saxlayan siyasi qüvvədir. 90-cı illərdən indiyədək ölkəmiz dəfələrlə silahlı münaqişə yaşayıb, ərazilərimizin 20 faizi hələ də işğal altındadır və əhalimiz sülhün qiymətini hamıdan yaxşı bilir".
Gürcüstanda yaşayan etnik azlıqlara, xüsusən də azərbaycanlılara olan münasibətdən danışan deputat deyib:
“Gürcülər və azərbaycanlılar tarixən qardaş xalqlardır. Ölkəmizdə, o cümlədən nümayəndəsi olduğum şəhər və rayonda çoxlu azərbaycanlı yaşayır, onlarla birlikdə Gürcüstanın gələcəyini yaradırıq. "Gürcü Arzusu"nun əsas prioritetlərindən biri bütün Gürcüstan vətəndaşları üçün bərabər şərait yaratmaqdır və bu siyasət biz 26 oktyabr seçkilərində inamlı qələbə qazandıqdan sonra, şübhəsiz ki, davam edəcək. Gürcüstanla Azərbaycan arasında mehriban qonşuluq münasibətləri bundan sonra da davam edəcək və biz birlikdə mütləq güclü region yaradacaq, Orta Dəhliz layihəsini həyata keçirəcək, həm Qərb, həm də Şərq istiqamətlərində iqtisadi əlaqələri davam etdirəcəyik".