Livanda peycerlərin detonasiyası nəticəsində ölənlərin sayı 11-ə çatıb, 400 nəfərin vəziyyəti ağırdır - YENİLƏNİB 5

Livanda peycerlərin detonasiyası nəticəsində ölənlərin sayı 11-ə çatıb, 400 nəfərin vəziyyəti ağırdır - YENİLƏNİB 5 Beyrutun Dahiyə məhəlləsində Hizbullah əməliyyatçıları tərəfindən istifadə edilən portativ rabitə qurğularının partlaması nəticəsində yüzlərlə döyüşçü yaralanıb.
Region
18 Sentyabr , 2024 02:01
Livanda peycerlərin detonasiyası nəticəsində ölənlərin sayı 11-ə çatıb, 400 nəfərin vəziyyəti ağırdır - YENİLƏNİB 5

Livanda rabitə cihazı olan peycerin detonasiyası nəticəsində ölənlərin sayı 11-ə çatıb.

“Report” xəbər verir ki, bu barədə “Al Jadeed” telekanalı Yaxın Şərq ölkəsinin səhiyyə naziri vəzifəsini icra edən Firas Abyada istinadən bildirib.

Məlumata görə, 11 nəfərin ölümü ilə yanaşı 4 mindən çox insanın yaralanması qeydə alınıb.

Daha sonra nazir 400 yaralının ağır vəziyyətdə olduğunu açıqlayıb.

20:12

Livanda daşınan rabitə vasitələrinin partlaması nəticəsində azı 8 nəfər ölüb, 2,8 minə yaxın insan yaralanıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Livanın səhiyyə naziri vəzifələrini müvəqqəti icra edən Firas Abyad məlumat verib.

“Hizbullah” hərəkatının teleqram kanalında verdiyi açıqlamada bildirilir ki, rabitə cihazlarının partlamasının səbəblərinın müəyyənləşdirilməsi ilə bağlı ətraflı araşdırma aparılır.

19:05

Livanın paytaxtı Beyrutun Dahiyə məhəlləsində "Hizbullah" tərəfindən istifadə edilən portativ rabitə qurğularının partlaması nəticəsində yaralananların sayı 2 min nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Məlumata görə, xəsarət alanlar arasında yüksək rütbəli hərbçilər də var.

Qeyd olunub ki, xilasetmə qüvvələri hələ də Livanın hər yerindən qurbanları təxliyə edir.

18:50

Livanın paytaxtı Beyrutun Dahiyə məhəlləsində "Hizbullah" tərəfindən istifadə edilən portativ rabitə qurğularının partlaması nəticəsində yaralananların sayı 1 500-ə çatıb.

“Report” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində yaralanan İran səfiri Müctəba Əman xəstəxanaya yerləşdirilib. Onun durumu ağır deyil.

Livanın səhiyyə nazirinin səlahiyyətlərini icra edən Firas Abyad bildirib ki, ölkə xəstəxanaları qurbanlarla doludur: “Biz bütün tibb müəssisələrində yüksək hazırlıq elan etmişik, bir neçə yüz həkim səfərbər olunub”.

F.Abyad qeyd edib ki, yaralıları çatdırmaq üçün 50 təcili yardım maşını səfərbər olunub.

Onun sözlərinə görə, partlayışlar İsrailin təxribatı nəticəsində baş verib.

18:36

Livanın paytaxtı Beyrutun Dahiyə məhəlləsində baş verən partlayışda "Hizbullah"ın minə yaxın döyüşçüsü yaralanıb.

“Report” xəbər verir ki, bu barədə “Röyters” agentliyi məlumat yayıb.

Bildirilib ki, Livanda partlayan rabitə cihazları "Hizbullah"ın son aylarda əldə etdiyi modellərdəndir.

18:08

Livanın paytaxtı Beyrutun Dahiyə məhəlləsində "Hizbullah" tərəfindən istifadə edilən portativ rabitə qurğularının partlaması nəticəsində yüzlərlə döyüşçü yaralanıb.

"Report" xəbər verir ki, bu barədə İran KİV-i məlumat yayıb.

Bildirilib ki, qurğular Livanın cənubunda partlayıb. Məlumata görə, partlayış yarım saat davam edib.

Livan Səhiyyə Nazirliyi bütün ölkədə baş verən partlayışlardan sonra insanları rabitə cihazlarından uzaq durmağa çağırıb.

İddialara görə, rabitə qurğuları İsrail tərəfindən partladılıb. Hadisə ilə bağlı İsrail tərəfindən heç bir şərh verilməyib.

"Hizbullah" mənbələri bunu İsraillə təxminən bir ildir davam edən müharibədə ən ciddi təhlükəsizlik problemi kimi qiymətləndirib.

Beyrutdakı partlayışda İran səfiri Müctəba Əmani də yaralanıb.



Son xəbərlər

Orphus sistemi