Rusiyanın Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin Bakıda yerləşən Həştərxan Biznes Mərkəzinin və vilayətdəki Azərbaycan Biznes Mərkəzinin rəhbərləri ilə görüş keçirib.
“Report” bu barədə "Həştərxan24" telekanalına istinadən xəbər verir.
Məlumata görə, tədbir regional nümayəndə heyətinin Bakıya səfərinin hazırlığı çərçivəsində keçirilib.
O qeyd edib ki, Azərbaycan uzun müddətdir Həştərxan vilayətinin əsas tərəfdaşı olaraq qalır: “Həştərxan və Bakıdakı biznes mərkəzləri ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayır”.
İ.Babuşkin vurğulayıb ki, hər iki mərkəzin fəaliyyəti Rusiya və Azərbaycanın işgüzar cəmiyyətləri arasında birbaşa əlaqələr üçün əlverişli mühitin yaradılmasına yönəlib: “Bu mərkəzlər hər il ticari-iqtisadi və humanitar tədbirlər təşkil edir”.
Bakıdakı Həştərxan Biznes Mərkəzinin rəhbəri Fuad Hüseynovun sözlərinə görə, mərkəz 2024-cü ildə forum və sərgilər də daxil olmaqla 20-dən çox işgüzar tədbir keçirib: "Bu tədbirlərdə 10 mindən çox insan iştirak edib".