Bakı. 1 avqust. REPORT.AZ/ Qazaxıstanın Mangistau vilayətində avqustun 2-3-də Xəzəryanı dövlətlərin xilasetmə xidmətlərinin beynəlxalq təlimləri - "TENIZ-2018" keçiriləcək.
"Report" "Kazinform"a istinadən xəbər verir ki, təlimlərdə Azərbaycan, Qazaxıstan, Rusiya və Türkmənistanın xilasetmə xidmətlərinin əməkdaşları iştirak edəcəklər.
Təlimlərin məqsədi Xəzər dənizi akvatoriyasında və sərhədyanı ərazilərdə fövqəladə hallar baş verdikdə Xəzəryanı dövlətlərin xilasetmə xidmətləri arasında qarşılıqlı əməkdaşlıq məsələlərinin təkmilləşdirilməsi, onların birgə fəaliyyəti ilə güc və vəsaitlərin istifadəsinin səmərəliliyinin artırılmasıdır.
Xəzəryanı dövlətlərin xilasetmə bölmələri fövqəladə vəziyyətlərin həll edilməsi, dənizdə batan şəxslərin axtarışı və xilası, xüsusi xilasetmə texnologiyalarından istifadə etməklə onların gəminin göyərtəsinə çıxarılması, xəsarət alanlara ilkin yardımın göstərilməsi üzrə hərəkətləri təkmilləşdirəcək.
Ümumilikdə, təlimlərə 500-dən çox şəxsi heyət və 75 ədəd xüsusi texnika, o cümlədən "Be-200" təyyarəsi, 6 helikopter, 4 gəmi, 7 xilasetmə qayığı cəlb olunacaq.