Azərbaycan məhsulları Ankarada xeyriyyə bazarında satışa çıxarılacaq

Azərbaycan məhsulları Ankarada xeyriyyə bazarında satışa çıxarılacaq Türkiyə Xarici İşlər Tərəfdaşları Xanımlarının Həmrəylik Dərnəyi (DMEDD) Ankarada dekabrın 10-da xeyriyyə bazarı (kermes) təşkil edəcək.
Region
5 Dekabr , 2023 14:56
Azərbaycan məhsulları Ankarada xeyriyyə bazarında satışa çıxarılacaq

Türkiyə Xarici İşlər Tərəfdaşları Xanımlarının Həmrəylik Dərnəyi (DMEDD) Ankarada dekabrın 10-da xeyriyyə bazarı (kermes) təşkil edəcək.

Azərbaycanın Türkiyədəki səfirliyindən “Report”un Ankara bürosuna verilən məlumata görə, bu tədbirdə Azərbaycandan gətirilən suvenirlər, milli yeməklər, müxtəlif növ şirniyyat və çeşidli çaylar, eləcə də milli geyimlərin əsas atributu olan kəlağayı və digər məhsullar nümayiş olunacaq.

DMEDD üzvlərinin könüllü səyləri və Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) dəstəyi ilə əvvəllər müntəzəm olaraq hər il təşkil edilən beynəlxalq tədbir koronovirus pandemiyası ilə əlaqədar 4 illik fasilədən sonra bu il Ankarada “Sheraton Otel”də baş tutacaq:

Bazardakı məhsullar, dünyanın hər yerində Türkiyənin xarici nümayəndəliklərində çalışan XİN mənsublarının könüllü töhfələri ilə təmin edilib. Bundan əlavə, hazırda Ankarada fəaliyyət göstərən 40 xarici ölkə nümayəndəliyinin məhsulları onlar üçün ayrılmış stendlərdə nümayiş etdiriləcək. Banqladeş, İndoneziya, Filippin, Hindistan, Şimali Kipr Türk Cümhuriyyəti, Özbəkistan və Tailand bazar bölgəsində qurulan səhnədə hər ölkəyə xas mədəni şoular nümayiş olunacaq. Bundan başqa tədbirdə klassik musiqilərlə yanaşı, Dövlət Müasir Rəqs Ansamblı və Ankara Seymenlər Klubu mədəni proqramlarla çıxış edəcəklər.

Məlumatda o da vurğulanıb ki, təhsil və əməkdaşlığa dəstək məqsədi ilə müxtəlif mədəniyyətləri bir araya gətirən bu beynəlxalq tədbirdən əldə olunan gəlir hər zaman olduğu kimi bu il də DMEDD-in təhsil-təqaüd fondu və yardım layihələrində istifadə ediləcək.

Qeyd edək ki, DMEDD 24 sentyabr 1981-ci ildə Türkiyənin xaricdəki nümayəndəliklərində xidməti vəzifələrini yerinə yetirərkən şəhid olan diplomatların və digər nazirlik işçilərinin həyat yoldaşlarının, övladlarının çətin anlarında yanında olmaq məqsədi ilə yaradılıb.

DMEDD illər ərzində öz fəaliyyət sahələrini inkişaf etdirərək, xüsusilə təhsil və səhiyyə sahələrində bir çox yardım fəaliyyətləri həyata keçirib və bu fəaliyyətləri davam etdirir.

Təşkilat yarandığı gündən indiyədək üç mindən çox tələbəyə dəstək verib. DMEDD Türkiyənin müxtəlif bölgələrində məktəb tikib, təhsil və səhiyyə sahələrində fəaliyyət göstərən bir çox qurumun təmirində və avadanlıqla təchiz edilməsində yardımçı olub.

Yardım fəaliyyətləri ilə yanaşı, DMEDD türk tarixi, incəsənəti, mədəniyyəti və adət-ənənələri ilə bağlı tədbirlərlə sosial və mədəni təbliğata xidmət edir, xüsusilə Ankaradakı xarici missiya üzvləri, onların həyat yoldaşları üçün həmrəylik fəaliyyətləri həyata keçirir.

DMEDD-ə hazırda Türkiyənin xarici işlər nazirinin müavini Burak Akçaparın xanımı, professor Şebnem Akçapar rəhbərlik edir.

Son xəbərlər

Orphus sistemi