Azərbaycan Gürcüstanla birgə gömrük-keçid məntəqəsinin inşasını müzakirə edib

Azərbaycan Gürcüstanla birgə gömrük-keçid məntəqəsinin inşasını müzakirə edib İvane Maçavariani Azərbaycanın bu ölkədəki səfiri Faiq Quliyevlə tanışlıq görüşü keçirib
Region
9 Fevral , 2021 17:01
Azərbaycan Gürcüstanla birgə gömrük-keçid məntəqəsinin inşasını müzakirə edib

Gürcüstanın maliyyə nazri İvane Maçavariani Azərbaycanın bu ölkədəki səfiri Faiq Quliyevlə tanışlıq görüşü keçirib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Maliyyə Nazirliyindən bildirilib.

Tərəflər iki ölkənin həm ikitərəfli, həm də çoxtərəfli formatlarda əməkdaşlıq məsələlərini müzakirə ediblər.

İ.Maçavarini qeyd edib ki, Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır və nümunəvi dostluq münasibətləri olan iki ölkə ümumi iqtisadi və geosiyasi maraqları bölüşür.

Görüşdə ticari-iqtisadi, tranzit və nəqliyyat sahələrində tərəfdaşlığın əhəmiyyəti vurğulanıb.

Xüsusi diqqət yeni birgə gömrük-keçid məntəqəsinin inşası layihəsinə yönəldilib. Layihə sayəsində sərhədin keçilməsi prosedurları əhəmiyyətli dərəcədə sürətlənəcək və asanlaşacaq, həmçinin iki ölkənin nəqliyyat və ticarət əlaqələri möhkəmləndiriləcək.

Qeyd olunub ki, iki tərəfdaş ölkənin müvafiq dövlət qurumları arasında informasiya mübadiləsinin daha da genişləndirilməsi, gömrük prosedurlarının effektivliyinin artırılması üçün imkanlar mövcuddur.

Söhbət zamanı həmçinin pandemiya şəraitində gömrük orqanlarının fəaliyyətlərinin koordinasiyası məsələsinə də toxunulub və qeyd olunub ki, bu, yalnız iki ölkə arasında deyi, bütövlükdə regionda da məhsulların fasiləsiz tədarükünü təmin edə bilər.

Tərəflər COVID-19 pandemiyasının ölkə iqtisadiyyatlarına təsirinin azaldılacağına ümidvarlıq ifadə ediblər.

Sonda maliyyə naziri Azərbaycan səfirinə fəaliyyətində uğurlar arzulayıb və əməkdaşlığa hazırlıq ifadə edib.

Görüşdə maliyyə nazirinin müavini Laşa Xutsişvili, Vergi Xidmətinin rəisi Levan Kakava və Gömrük İdarəsinin rəhbəri Mamuka Canqulaşvili də iştirak edib.

Son xəbərlər

Orphus sistemi