Avropa Parlamenti (AP) 2021-2027-ci illər üçün Avropa İttifaqı (Aİ) büdcəsinə yenidən baxılmasını təsdiqləyib. Burada 50 milyard avroluq Ukrayna ilə bağlı xüsusi fondun formalaşdırılmasına dair müddəalar var.
"Report" xəbər verir ki, bu barədə “RBC-Ukraina” təşkilatın mətbuat xidmətinə istinadən məlumat yayıb.
“Biz Aİ iqtisadiyyatını gücləndirməklə yanaşı, 50 milyard avroluq yeni proqramla Ukraynadakı vəziyyəti sabitləşdirməyi hədəfləyirik. Biz büdcəni möhkəmləndirir, miqrasiya ehtiyacları üçün artırırıq”, - polşalı deputat Yan Olbrixt bildirib.
Avropa Parlamenti Avropa Komissiyasının daha əvvəl təklif etdiyi 65,8 milyard avroya əlavə olaraq 2024-2027-ci illər üçün əlavə 10 milyard avro ayrılmasını təsdiqləyib.
Avropa Parlamentinin bəyanatında deyilir ki, son xarici çağırışlar, xüsusən də Rusiyanın Ukraynaya qarşı müharibəsi və artan miqrasiya problemləri fonunda Avropa Parlamentinin üzvləri büdcənin müvafiq maddələrini 2 milyard avro artırıblar. Onlar Avropa üçün yeni Strateji Texnologiya Platformasına (STEP) əlavə 3 milyard avro və Aİ-nin gözlənilməz böhranlara cavab vermək qabiliyyətini gücləndirmək üçün 5 milyard avro ayırıblar.
Bu qərarın lehinə 393 deputat səs verib.