Qazaxıstanın paytaxtı Astanada dekabrın 18-də “Euronews”un regional ofisinin təntənəli açılışı olub.
“Report”un Qazaxıstan bürosu xəbər verir ki, bu barədə ölkənin Mədəniyyət və İnformasiya Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Ofisi açarkən nazir Aida Balayeva qeyd edib ki, “Euronews”un fəaliyyətə başlaması Qazaxıstanın informasiya sahəsi üçün mühüm hadisədir. O vurğulayıb ki, bu sadəcə coğrafi mövcudluğun genişləndirilməsi deyil, həm də Qazaxıstanın zəngin mədəni irsini və müasir inkişafını bütün dünyaya göstərmək üçün böyük imkanlardır.
“Bu ofis mədəniyyətlərarası dialoq üçün mühüm platforma, həmçinin yeni ideyaların və yaradıcı həllərin təşviqi üçün məkan olacaq. Əminəm ki, burada təkcə ölkələr arasında qarşılıqlı anlaşmanı gücləndirməyəcək, həm də qlobal media məkanına töhfə verəcək layihələr ortaya çıxacaq”, – nazir bildirib.
“Euronews” bu il sentyabrda Astanada keçirilmiş Ümumdünya Köçəri Oyunlarının media tərəfdaşı olub. Yayım dünya üzrə 39 milyondan çox insanı əhatə edib. Bundan başqa, qazax xalqının investisiya layihələrinə və mədəni irsinə həsr olunmuş 10 proqram, veriliş və müsahibə hazırlanıb.
“Biz qazaxıstanlı sahibkarlar və sənətkarlarla işləyərək həmçinin Qazaxıstanın yeni reallıqlarını və parlaq gələcəyini təqdim edəcək orijinal televiziya şouları yaradaraq beynəlxalq auditoriyanı Qazaxıstanın mədəniyyəti, iqtisadiyyatı və irsi barədə məlumatlandıracağıq”, – deyə “Euronews”un direktorlar şurasının sədri Pedro Varqas açılış mərasimində söyləyib.
Əməkdaşlığın əsas elementi yerli televiziya kanallarının əməkdaşlarının ixtisasının artırılması üçün təlim və ustad dərsləri keçirilməsini nəzərdə tutan “Euronews Academy” layihəsinin həyata keçirilməsidir ki, bu da Qazaxıstan media nümayəndələrinin peşəkar bacarıqlarına müsbət təsir göstərəcək.