Ankara Şəhər Şurasında “Türkiyə-Azərbaycan Gənclərinin Yaşıl Gələcək Naminə Dünya üçün Həmrəylik Forumu” keçirilib.
“Report”un Ankara Bürosunun xəbərinə görə, tədbir Azərbaycan Gənclər Fondu, Ankara Şəhər Şurası, Azərbaycan Gənclərinin Təşəbbüslərinə və İnkişafına Dəstək İctimai Birliyi, Türkiyənin İnternet Media Strukturları Birliyi və “Azərbaycan-Türk Evi”nin birgə təşkilatçılığı ilə baş tutub.
Mərasimdə nümayiş olunan “Yaşıl dünya” adlı filmdə dünya gənclərinə yaşıl dünya naminə çağırışları səslənib.
Gənclər Ankarada törədilən son terror hadisəsini pisləyərək qınayıb.
Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyinin sədri Toğrul Allahverdi bildirib ki, COP29 BMT-nin sessiyalarından sonra ən böyük konfransdır və bu tədbirin məhz Azərbaycanda keçirilməsinin səbəbi dövlətimizin gündən-günə güclənən xarici siyasətidir: “Təbii ki, bu uğura kölgə salmaq istəyənlər var. Amma əminik ki, bu məsələlərdə qardaş Türkiyə hər zaman bizim yanımızdadır”.
Türk İnternet Media Birliyinin Azərbaycan təmsilçisi Aqil Ələsgər isə konfransın ərsəyə gəlməsində əməyi olan Azərbaycan Gənclər Fonduna, Ankara Şəhər Şurasına təşəkkür edib və həmrəylik naminə bir araya gəldikləri üçün məmnunluğunu ifadə edib.
Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü və Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu İdarə Heyətinin sədri Aygün Attar, Ankarada baş verən terror aktını pisləyib və bildirib ki, bu, sadəcə Türkiyəyə deyil, eyni zamanda türk coğrafiyasına qarşı törədilən hücumdur.
Tədbirin məqsədlərinə də toxunan A.Attar qeyd edib ki, Azərbaycan otuz il 20 % torpaqlarını işğaldan azad edərkən çox böyük iqtisadi çətinliklərlə üzləşməsinə baxmayaraq, bu gün yaşıl dünya üçün mübarizəyə ev sahibliyi edir: “Azərbaycan çox böyük işlərə imza ataraq, sadəcə özünü deyil, həm də bütün dünyanı düşündürən məsələləri gündəmə gətirir”.
TADİV rəhbəri Ankara Böyük şəhər bələdiyyəsinə və Ankara Şəhər Şurasının rəhbərliyinə təşəkkür edərək deyib ki, bu qurumlar Azərbaycanla bağlı bütün tədbirlərə qapı açır.
Panel müzakirələri ilə davam edən forumda çıxışçılar ətraf mühitə qayğı kontekstində iki qardaş ölkənin gənc nəsli arasında əməkdaşlığın dərinləşdirilməsi yollarını və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) məqsədlərini müzakirə ediblər.