Türkiyədə siyasətlə maraqlanan və gələcəkdə dövlət idarəçiliyində karyera qurmağı planlaşdıran gənclər üçün “LOCALINTERNational” təcrübə proqramına start verilib.
Proqramın iştirakçısı olan “Report”un müxbirinin verdiyi məlumata görə, təcrübə proqramında 10-dan çox ölkədən olan gənclər iştirak edirlər.
Təcrübə proqramının təşkilatçısı Türkiyənin Bələdiyyələr Birliyidir. İştirakçılar bu ölkənin müxtəlif şəhərlərində bələdiyyələrin fəaliyyəti ilə tanış olacaqlar.
Qeyd edək ki, bu il “LOCALINTERNatinal” çərçivəsində təcrübəçilər Ankara, Balıkesir, Çanaqqala və İstanbul bələdiyyələrini ziyarət edəcəklər.
Bu proqramın məqsədi təkcə təqdimatlar və mühazirələr vasitəsilə deyil, həm də praktiki məşğələlər vasitəsilə Türkiyədə yerli idarəetmə sisteminin fəaliyyəti haqqında məlumat verməkdir.
Proqramda Azərbaycandan iki nümayəndə iştirak edir. Bundan əlavə, Polşa, Albaniya, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Cənubi Sudan, Malavi və digər ölkələrdən olan gənclər Ankaraya gəliblər.
İştirakçılar ilk gün Türkiyə Bələdiyyələr Birliyinin ofisində və Türkiyənin Xarici İşlər Nazirliyində olublar.