Moskva Bakı və İrəvanı Cənubi Qafqazda tezliklə sülh və rifaha nail olmaq üçün qarşılıqlı məqbul həll yollarının tapılmasına diqqət yetirməyə çağırıb.
"Report"un məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Andrey Nastasin keçirdiyi brifinqdə jurnalistlərə deyib.
O, Rusiyanın Azərbaycanla Ermənistan arasında mübahisəli məsələlərin siyasi və diplomatik yollarla həllinin tərəfdarı olduğunu vurğulayıb.
"Mən hazırda Ermənistan ətrafında və regionda baş verən əsas məsələyə diqqət çəkmək istəyirəm. Bu, Qərbin, ilk növbədə, ABŞ-nin, Aİ-nin Cənubi Qafqazda mövcud əlaqələri məhv etməyə yönəlmiş aktiv fəaliyyətidir. Qərblilər regionda sabitliyi pozaraq onu başqa bir gərginlik ocağına, hətta Rusiya sərhədləri yaxınlığında ikinci cəbhəyə çevirmək istəyirlər”, - Nastasin bildirib.