Hüquq-mühafizə orqanlarının əməkdaşları Qazaxıstanın Almatı şəhərində qanunsuz aksiyalarda, talanlarda və digər cinayətlərdə iştirak etdiklərinə görə 2 mindən çox insanı saxlayıb.
“Report” xəbər verir ki, bu barədə cümə günü şəhər komendaturasının informasiya mərkəzi məlumat yayıb. "Ümumilikdə, qanunsuz əməllərin, talanların və digər cinayətlərin 2 159 iştirakçısı saxlanılıb. 67 odlu silah və 3 112 döyüş sursatı götürülüb", - məlumatda deyilir.
Qeyd edək ki, yanvarın 2-də Qazaxıstanın bir sıra şəhərlərində etiraz aksiyaları keçirilib. Etirazlar bir neçə gün sonra iğtişaşlara və talanlara çevrilib. Onlar ölkənin bir çox şəhərlərində, ilk növbədə Almatıda polisə, hərbçilərə və hakimiyyət orqanlarına hücumlarla müşayiət olunub. Toqquşmalar zamanı minlərlə insan yaralanıb, ölənlərin dəqiq sayı məlum deyil. Prezident Kasım-Jomart Tokayevin müraciətindən sonra KTMT ölkələri respublikaya sülhməramlılar göndərib. Hakimiyyət orqanlarının məlumatına görə, bütün bölgələrdə konstitusiya quruluşu bərpa olunub.