Hüquq-mühafizə orqanları Qazaxıstanın Almatı şəhərində qanunsuz aksiyalarda, talanlarda və digər cinayətlərdə iştirak etdiklərinə görə 2,4 mindən çox insanı saxlayıblar.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə şəhər komendaturasının informasiya mərkəzi məlumat yayıb.
"Antiterror əməliyyatı başlayandan indiyədək qanunsuz hərəkətlərin, talanların və digər cinayətlərin ümumilikdə 2 402 iştirakçısı saxlanılıb. Ümumilikdə 79 odlu silah və 3 976 döyüş sursatı götürülüb", - məlumatda deyilir.
Yanvarın 2-də Qazaxıstanın bir sıra şəhərlərində etiraz aksiyaları keçirilib. Etirazlar bir neçə gün sonra iğtişaşlara və talanlara çevrilib. Onlar ölkənin bir çox şəhərlərində, ilk növbədə Almatıda polisə, hərbçilərə və hakimiyyət orqanlarına hücumlarla müşayiət olunub. Toqquşmalar zamanı minlərlə insan yaralanıb. Prezident Kasım-Jomart Tokayevin müraciətindən sonra KTMT ölkələri respublikaya sülhməramlılar göndərib. Hakimiyyət orqanlarının məlumatına görə, bütün bölgələrdə konstitusiya quruluşu bərpa olunub.