“Mən əminəm ki, Rusiya Prezidenti Vladimir Putinin hakimiyyəti dövründə normal həyata, Moskva ilə əvvəlki status-kvoya qayıdış olmayacaq”.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Almaniya Prezidenti Frank-Valter Ştaynmayer aprelin 5-də ZDF telekanalına müsahibəsində bildirib.
O etiraz edib ki, Qərb tərəfdən Avropanın təhlükəsizliyinin ümumi arxitekturasına Rusiyanın daxil edilməsi kimi bir çox uğursuz cəhdlər olub. Almaniya Prezidenti Rusiyaya münasibətdə səhv siyasət yürütdüyünü etiraf edib. Frank-Valter Ştaynmayer “Şimal axını-2” təbii qaz kəmərini dəstəkləməsini də bu yanlışlıqlardan sayıb.
Qeyd edək ki, bir müddət əvvəl Ukraynanın Almaniyadakı səfiri Andrey Melnik Prezident Frank-Valter Ştaynmayeri Rusiya ilə sıx əlaqə saxlamaqda ittiham edib, bunu “Moskva ilə hörümçək toru təması” adlandırmışdı.
Frank-Valter Ştaynmayer 2005-2009 və 2013-2017-ci illərdə Almaniyanın xarici işlər naziri olub. O, 2017-ci ildən AFR-in prezidentidir. Ştaynmayer nazir olan dövrdə Ukraynanın Donetsk və Luqansk vilayətlərinin ayrı-ayrı rayonlarına yerli özünüidarəetmə sahəsində xüsusi statusun verilməsini təklif edirdi. Bu, “Ştaynmayer formulu” adlanırdı.