Azərbaycanlıların çox parlaq gələcəyi var. Bu, onların seçdiyi yolun nəticəsidir.
Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna Ali Radasının deputatı Volodimir Kreydenko bildirib.
Deputat Azərbaycanın ilk gündən Ukraynaya mütəmadi humanitar yardım göstərməsindən danışıb: "Ukraynaya humanitar yardımda yetərincə kömək etməsini unutmamalıyıq. Biz sizin dövlətinizin strateji tərəfdaşıyıq, iqtisadi, hərbi-siyasi və s. əlaqələrimizin inkişafında və möhkəmlənməsində dövlətlərimiz maraqlıdırlar.
Biz qardaş xalq olduğumuzu göstərdik və əminəm ki, Azərbaycan xalqının müstəqil və suveren ideyalarının həyata keçirilməsində keçdiyi yol Ukraynanı da gözləyir".
Ali Radanın deputatı bildirib ki, Azərbaycanın ərazilərini azad etməsi Ukrayna üçün yaxşı nümunədir: "Bizim suveren müstəqil dövlətimiz var, sərhədlərimiz heç vaxt pozulmayıb. 3 ilə yaxındır ki, tammiqyaslı müharibə gedir. Azərbaycanın o illərdə müharibədə keçirdiyi dəhşətləri biz indi hiss edirik. Bizim hədəfimiz 1991-ci ildə olan sərhədlər daxilində müstəqil suveren Ukrayna dövlətini qaytarmaqdır", - əlavə edib.