“İranın hazırda nüvə silahı yoxdur və ola da bilməz”.
“Report” “Amerikanın səsi”nin fars redaksiyasına istinadən xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan Vaşinqtonda Yaxın Şərq siyasəti üzrə analitik mərkəzdə çıxışı zamanı bildirib.
O, Ağ Evin əvvəlki administrasiyasını tənqid edərək deyib ki, İranın nüvə proqramı ilə bağlı beynəlxalq ictimaiyyətin və “altılıq”ın qəbul etdiyi alternativi olmayan Əhatəli Razılaşma Müqaviləsindən ABŞ-ın çıxması yanlış addım idi: “Prezident Cozef Bayden dəfələrlə qeyd edib ki, İran nüvə silahı əldə etməməlidir”.
Qeyd edək ki, müşavirin çıxışından bir neçə saat öncə İsrailin müdafiə naziri Yoaf Qallant İranın uranı zənginləşdirməyi artırdığını bildirib: “İranın uranı 90 faizədək zənginləşdirmək istiqamətində tərəqqisi regionu alovlandıra bilər”.
Son aylarda İran rəsmiləri uranı 80 faizdən artıq zənginləşdirdiklərini bildiriblər.
Atom Enerji Agentliyi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossi bir müddət əvvəl bildirib ki, uranın zənginləşdirilməsinin indiki səviyyəsi nüvə silahı istehsalı üçün tələb olunan 90 faiz səviyyəsindən çox da uzaq deyil.