“Ermənistan son aylarda ənənəvi təhlükəsizlik tərəfdaşı olan Rusiyadan başqa, bütün tərəfdaşlarından təhlükəsizlik yardımı almağa başlayıb”.
“Report” xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun məlumatında qeyd edilib.
Bildirilib ki, Ermənistan və İran son vaxtlar Rusiyadan narazılıqlarını ifadə edirlər: “İran Ermənistanı müdafiə etmək və bununla da onun Qafqazdakı strateji maraqlarını qorumaq üçün müxtəlif addımlar ata bilər”.
Həmçinin, qeyd olunub ki, İran yenə Ermənistana hərbi dəstək verə bilər: “Bu, inandırıcıdır. İsrail mediası da İranın son aylarda Ermənistana pilotsuz uçuş aparatları (PUA) və digər texnikalar verdiyini iddia edir”.
Vurğulanıb ki, İran Ermənistan-Azərbaycan sərhədinə hərbi qüvvələr göndərə bilər: “İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri dünən, oktyabrın 4-də Tehranda Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşü zamanı sərhədə iranlı “müşahidəçilər” yerləşdirməyi təklif edib. Baqirinin mövqeyini nəzərə alsaq, bu müşahidəçilər, ehtimal ki, İran hərbi qulluqçuları olacaqlar”.