"Azərbaycan Ordusu üçrəngli bayrağı öz gücü, dişi və dırnağı ilə işğaldan azad etdiyi torpaqlarda sancdı".
Bunu "Report"un Türkiyə bürosuna açıqlamasında Şimali Kipr Türk Respublikası (ŞKTR) parlamentinin vitse-spikeri Zorlu Töre bildirib.
Onun sözlərinə görə, Şimali Kipr əhalisi Azərbaycan vətəndaşlarını can qardaşları bilirlər: "Azərbaycan canımızdır, millətimizin Cənubi Qafqazda davamıdır. Biz də Aralıq dənizinin şərqində türk millətinin bir hissəsiyik, Kiprdəki bir parçasıyıq. Azərbaycanın sevinci, kədəri, bizim də kədərimiz və taleyimizdir. Azərbaycanın sevincinə sevinib, kədərinə kədərlənirik. Bu səbəbdən də Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qrabağ bölgəsinin Ermənistanın işğalında olmasından dərin kədər hissi keçirirdik. Biz “Çırpınırdı Qara dəniz, baxıb türkün bayrağına” misralarını dəyişdirərək “Çırpınırdı Qarabağ, baxıb türkün bayrağına, Azərbaycan bayrağına. Ah ölmədən bir gün görə bilsəm, düşə bilsəm, torpağına” deyirdik. Biz bu misralarla, mahnılarla buralarda özümüzü təsəlli edirdik. Bir gün Dağlıq Qarabağın mütləq erməni işğalından qurtarılacağına inanırdıq. Çünki Azərbaycan Ordusunun bu problemi həll edəcəyinə əmin idik. Əslində ATƏT, BMT, Rusiya, ABŞ və Fransa bu məsələnin həll olunmasını istəmirdi. Onlar problemin nizamlanmasını uzatmaqla ermənilərin həmin ərazilərə tamamilə yerləşməsinə şərait yaradırdılar. Ona görə də bu beynəlxalq təşkilatlara güvənərək gözləmək, vaxt itirmək böyük səhv idi. Özünüz güclü olacaqsınız və öz gücünüzlə göbəyinizi kəsəcəksiniz. Məhəmməd Əmin Rəsulzadə deyirdi ki, “Bir kərə yüksələn bayraq, bir daha enməz”. İnşallah, Azərbaycan Ordusunun Qarabağda qürurla, əzmlə yüksəltdiyi şanlı bayraq bir daha enməyəcək və əbədi dalğalanacaq".
Z.Töre bütün Şimali Kipr türklərinin Vətən müharibəsini yaxından izlədiyini və cəbhədən gələn xəbərlərə həyəcanlandığını deyib: “Burada bir çox evlərdə Azərbaycan bayraqları asıldı. Mən də öz evimdə Azərbaycan bayrağını asmışam. Şimali Kipr parlamentində Azərbaycanla bağlı çıxışlar oldu. Bizlər də Azərbaycanın döyüş meydanında və diplomatiyada qazanadığı bu zəfəri qürur hissi ilə paylaşdıq. Prezidentimiz, siyasi partiyalarımız bu mövzuda açıqlamalar verdi. Kipr Türk Mücahidlər Birliyinin binalarını Azərbaycan bayrağına boyadılar. Kiprdə təhsil alan, yaşayan azərbaycanlı gənclər burada yürüşlər keçirib zəfərlərini qeyd etdilər. Kipr türkünün Azərbaycan türkündən fərqi yoxdur, siz bizi də azərbaycanlı olaraq qəbul edə bilərsiniz".
Vitse-spiker Prezident İlham Əliyevi tarixi qələbə münasibətilə də təbrik edib: “Bu, Azərbaycan liderinin, Azərbaycan Ordusunun, Azərbaycan xalqının və canımız Türkiyənin, bütün türk dünyasının qələbəsi idi. Prezident İlham Əliyev başda olmaqla hər bir azərbaycanlını təbrik edirəm. Müzəffər Azərbaycan Ordusuna güc və qüvvət arzulayıram. İndi bölgədə rus və türk əsgəri var. Rusiyanın bölgənin ən böyük gücü olduğunu düşünərək diqqətli olmalıyıq. Unutmayaq ki, erməni silahlı birləşmələri vaxtilə Rusiyanın dəstəyi ilə Qarabağı işğal etmişdilər. Ona görə də ruslara çox güvənməməliyik. Bölgədə Türkiyə Ordusunun olması bizə güvən verir. Yaşasın Azərbaycan, Türkiyə, Şimali Kipr və bütün türk dünyası. Biz türk birliyinin qurulmasını istəyirik, ŞKTC-nin tanınmasını istəyirik. Biz Azərbaycanıq, biz Türkiyəyik”.
Vüsalə Abbasova