“Yüklərin Azərbaycandan daşınması yeni mərhələnin başlanmasının işarəsidir”

“Yüklərin Azərbaycandan daşınması yeni mərhələnin başlanmasının işarəsidir” Dekabr ayının 1-dən sonra biz defakto postmüharibə mərhələsinə qədəm qoyacağıq
Qarabağ
30 Noyabr , 2020 17:50
“Yüklərin Azərbaycandan daşınması yeni mərhələnin başlanmasının işarəsidir”

“Noyabr ayının 10-da imzalanan üçtərəfli bəyanatda əksini tapan 9 maddənin tələbləri ardıcıl olaraq yerinə yetirilir. Bu, Azərbaycanın tam qələbəsini təmin edən sənəd olmaqla bərabər üç rayonumuzun da döyüşsüz olaraq qaytarılması deməkdir”.

“Report” xəbər verir ki, bunu deputat Hikmət Babaoğlu bildirib.

O qeyd edib ki, hazırda anlaşma əsasında nəzərdə tutulmuş Ağdam və Kəlbəcər rayonlarımız müzəffər Ordumuzun tam nəzarəti altındadır və yaxın bir neçə saatdan sonra da Laçın rayonu işğaldan azad ediləcək:

“Bu böyük qələbələr xalqımızın və bütövlükdə regionumuzun tarixində yeni sülh və əməkdaşlıq mərhələsinə yol açır. Hazırda prosesin tərkib hissəsi olaraq rus sülhməramlılarının regiona gəlməsi davam etdirilir. Belə ki, Azərbaycanın Rusiya Federasiyası ilə həmsərhəd bölgəsi olan şimal rayonlarımızdan daxil olmaqla Bərdəyə istiqamətləndirildi və tam təhlükəsiz şəraitdə sülhməramlılar və humanitar yüklər təyinat məntəqəsinə çatdırıldı. Bu fakt bir daha Rusiya ilə Azərbaycan arasında qarşılıqlı etibar və etimada söykənən münasibətlərin göstəricisi olmaqla bərabər həm də Azərbaycanın üzərinə götürdüyü hər hansı anlaşma şərtlərini məsuliyyətli dövlət kimi yerinə gətirməsi hadisəsidir”.

Deputatın sözlərinə görə, bu vaxta qədər Rusiyadan gətirilən yüklər və sülhməramlı kontinget hava nəqliyyatı vasitəsilə Ermənistan üzərindən baş tuturdu ki, bu da əlavə xərclər və vaxt itkisi hesabına başa gəlirdi:

“Azərbaycanın üzərindən keçən yol nəqliyyat kommunikasiyası isə həm əlavə xərclərin həm də vaxt itkisinin qarşısını alır. Dekabr ayının 1-dən sonra biz de-fakto postmüharibə mərhələsinə qədəm qoyacağıq ki, bu da özlüyündə üçtərəfli bəyanatda əksini tapan kommunikasiyaların açılmasının başlanacağı mərhələsi hesab olunacaq.

Kommunikasiyaların açılması isə yeni qarşılıqlı inteqrasiya və əməkdaşlıq üçün lazımı şərtləri formalaşdıracaq. Hesab etmək olar ki, yüklərin Azərbaycandan daşınması artıq yeni mərhələnin başlanmasınnın işarəsidir və onun hər hansı bir insidentsiz baş tutması özlüyündə növbəti əməkdaşlıq münasibətləri üçün də çoxtərəfli etimad mühitinin yaranmasına xidmət edir. Nəticə etibarilə hamımız bilirik ki, regionumuzda sülhün və əməkdaşlığın bərqərar olunması və xüsusilə bunun Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunmasından sonra baş verməsi hamıdan çox elə Azərbaycanın istəyi idi və biz bu məqsədimizə çatmışıq”.

Son xəbərlər

Orphus sistemi