XİN: Azərbaycan Ordusu mülki şəxsləri qorumaq üçün adekvat tədbirlər görəcək

XİN: Azərbaycan Ordusu mülki şəxsləri qorumaq üçün adekvat tədbirlər görəcək Oktyabrın 4-də Ermənistan silahlı qüvvələri raket atəşləri ilə Tərtər şəhəri və Füzuli rayonunun Horadiz şəhərinin mülki əhalisi və obyektlərini hədəfə almağı davam etdirib.
Qarabağ
4 Oktyabr , 2020 13:33
XİN: Azərbaycan Ordusu mülki şəxsləri qorumaq üçün adekvat tədbirlər görəcək
0 : 00
0 : 00

Oktyabrın 4-də Ermənistan silahlı qüvvələri raket atəşləri ilə Tərtər şəhəri və Füzuli rayonunun Horadiz şəhərinin mülki əhalisi və obyektlərini hədəfə almağı davam etdirib. Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncə Ermənistan ərazisindən raket atəşinə tutulub.

XİN-dən "Report"a verilən məlumata görə, Ermənistan tərəfindən qəsdən edilən atəşlər nəticəsində indiyə qədər 22 nəfər mülki azərbaycanlı, o cümlədən 2 məktəbli öldürülüb, 74 nəfər yaralanıb.

Ermənistan tərəfindən mülki əhali və obyektlərin məqsədyönlü şəkildə hədəfə alınması beynəlxalq hüququn, o cümlədən beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır. Azərbaycan tərəfindən, o cümlədən müvafiq beynəlxalq təşkilatlar vasitəsi ilə edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq, Ermənistan silahlı qüvvələrinin mülki şəxslərə yönəlmiş hücumların davam etməsi, günahsız insanların məqsədyönlü şəkildə öldürülməsinin və Ermənistanın təcavüzkar siyasətinin davam etdirilməsinin əyani təzahürüdür.

Ermənistanın bu hərbi təxribatının mövcud vəziyyətin şüurlu şəkildə pisləşdirilməsinə yönəldiyini və Ermənistanın hərbi əməliyyatların zona və əhatə dairəsini genişləndirmək niyyətini nümayiş etdirdiyini vurğulayırıq. Azərbaycan silahlı qüvvələri mülki şəxsləri qorumaq üçün adekvat əks tədbirlər görəcəkdir.

Biz Ermənistanı beynəlxalq hüquq normaları və prinsiplərinə, o cümlədən beynəlxalq humanitar hüquq üzrə öhdəliklərinə tabe olmağa və BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çəkilməsinə dair tələbləri irəli sürən qətnamələrini yerinə yetirməyə çağırırıq. Bölgədəki vəziyyətin pisləşməsinə görə bütün məsuliyyətin Ermənistan rəhbərliyinin üzərinə düşdüyünü bir daha təkrar edirik.

Son xəbərlər

Orphus sistemi