Bakı. 24 sentyabr. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş məclisinin 72-ci sessiyası çərçivəsində ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya Federasiyası), Stefan Viskonti (Fransa), Əndrü Sxofer (ABŞ) və ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişikin iştirakı ilə Ermənistan xarici işlər naziri Edvard Nalbəndyanla görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ətraflı fikir mübadiləsi aparılıb. Bu xüsusda, Ermənistan, Azərbaycan və həmsədrlər tərəfindən atılmalı olan addımlar nəzərdən keçirilib.
Görüş əsnasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təklifinə uyğun olaraq Ermənistan və Azərbaycan Prezidentlərinin görüşünün keçirilməsi ilə əlaqədar məsələlər müzakirə olunub.
Nazir Elmar Məmmədyarov münaqişənin həlli üzrə substantiv danışıqların davam etdirilməsi üçün həmsədrlər tərəfindən səsləndirilən bir sıra maraqlı təkliflərin Azərbaycan tərəfindən dəstəkləndiyini bildirib.
Həmçinin, Elmar Məmmədyarov münaqişənin tezliklə həllinə nail olmaq üçün Azərbaycanın məntiqli danışıqlara daim hazır olduğunu bir daha vurğulayıb.